“Aİ-nin Dayanıqlı Enerji Həftəsi 2019” sizə daha yaxın şəhərdə keçiriləcək

13-06-2019

İlk dəfə olaraq Şərqi Tərəfdaş ölkələri Aİ-nin Dayanıqlı Enerji Mükafatında iştirak etmək hüququ qazanıblar

Bu il "Avropa İttifaqı Dayanıqlı Enerji Həftəsi" (EUSEW) 17-21 iyun tarixlərində "Avropanın Enerji Gələcəyinin Formalaşdırılması" mövzusunda keçirilir və bütöv Aİ və Şərq Tərəfdaşlığı regionunu əhatə edir.

2006-cı ildən etibarən keçirilən "Avropa İttifaqı Dayanıqlı Enerji Həftəsi" (EUSEW) enerjiyə qənaət və daha təmiz, daha təhlükəsiz və səmərəli elektrik enerjisi əldə etmək istiqamətində təşəbbüsləri təşviq etmək məqsədilə Aİ və Şərqi tərəfdaş ölkələrdə dövlət orqanları, müəssisələr, qeyri-hökumət təşkilatları və vətəndaşları birləşdirən bir təşəbbüsdür. Sözügedən həftə Avropada dayanıqlı enerjiyə dair siyasətin ön planında dayanan həmrəy icmaya çevrilmişdir.

Heyrətamiz enerji layihələrinin təltif edilməsi

Hər il keçirilən fəaliyyətlər arasında Aİ-nin Dayanıqlı Enerji Mükafatları da var. Onlar vətəndaşlara və icmalara enerjiyə qənaət etməkdə və ya dayanıqlı enerji mənbələrinə keçməkdə kömək etmək məqsədi daşıyan və Aİ tərəfindən maliyyələşdirilən enerjinin səmərəliliyi və bərpa olunan enerji sahələri üzrə ilhamlandırıcı layihələri qiymətləndirir. Bu il ilk dəfə olaraq adı çəkilən mükafatları Şərq Tərəfdaşlığı ölkələrindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna) olan namizədlər də əldə edə biləcək. Şərqi Tərəfdaş ölkələrindən biri və ya bir neçəsini təmsil edən vətəndaşlar, müəssisələr, dövlət qurumları, yerli icra orqanları, vətəndaş cəmiyyəti və gənclər təşkilatları mükafatı almaq üçün namizədliklərini irəli sürüblər. 50 namizəd arasından altı finalçı seçilmişdir və iyunun 18-də Brüsseldə "Avropa İttifaqı Dayanıqlı Enerji Həftəsi" (EUSEW) çərçivəsində baş tutacaq mərasimdə qalibin adı açıqlanacaq.

Çexiya Dayanıqlı Evləri kommunikasiya mərkəzi layihəsi keçən ilin Gənc Enerji Liderləri Mükafatı nominasiyasında qalib olmuşdur. "Bizim tələbələr arasında keçirilən memarlıq müsabiqəmiz Mərkəzi Avropada ən böyük və gənc memarlara innovativ, enerjiyə qənaət etməyi nəzərdə tutan layihələri sayəsində enerjiyə keçid istiqamətində ilk addımlarını atmağa həvəsləndirir. Biz həmçinin yüzlərlə dayanıqlı ev layihələri, eləcə də ev təsərrüfatlarında enerjinin idarə edilməsinə dair yeni sistem işləyib hazırlamışıq", - deyə təsisçi Pavel Podrum deyir.

Şərq Tərəfdaşlığı regionunda Enerji günləri

Enerji günləri "Avropa İttifaqı Dayanıqlı Enerji Həftəsi" (EUSEW) çərçivəsində keçirilən növbəti tədbirdir. Yerli dövlət və özəl qurumlar tərəfindən təşkil olunan bu günlər təmiz enerjiyə keçidi təşviq edən fəaliyyətlər və tədbirlərdir. İstər seminar, istər müsabiqə və ya elektrik stansiyasına tur kimi vətəndaşların və Avropa İttifaqında enerji ilə əlaqədar maraqlı tərəflərin iştirakı ilə keçirilən istənilən tədbir "Enerji günü" ola bilər.

Keçən il bütöv regionda 40000-dən artıq insan 500-ə yaxın müxtəlif Enerji günləri tədbirlərində iştirak edib. Misal üçün, Ermənistanda enerjinin səmərəliliyinin artırılması üçün 140 uşaq baxçasının hərtərəfli yenidən təchizatı və bərpasını nəzərdə tutan Yerevan Enerjinin Səmərəliliyi layihəsi təqdim olunub.

Gürcüstanda Telavi şəhərinin sakinləri enerjinin səmərəliliyi və bərpa olunan enerjiyə dair viktorinada iştirak edərək günəş enerjisi ilə çalışan sərinkeşə malik yay idman papaqları və küçə lampaları kimi kiçik mükafatlar qazanıblar.

Moldovada isə 300-dən çox uşaq və onların valideynləri enerjiyə qənaət və yaşıl enerji mənbələrinin əhəmiyyəti haqqında məlumatlandırılıblar. Onlar mükafat qazanmaq üçün enerji mövzusunda rəsm, idman müsabiqələrində və digər tədbirlərdə iştirak ediblər.

“Bələdiyyə sədrlərinin razılaşması” təşəbbüsü yeni üzvlər cəlb etməkdə davam edir

"Avropa İttifaqı Dayanıqlı Enerji Həftəsi" (EUSEW) Ukraynada 2018-ci ilin iyununda icra olunmağa başlamışdır. Yerli hakimiyyət orqanlarının və vətəndaşların qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə cəlb etməyə yönəlmiş Aİ-nin "Bələdiyyə Sədrlərinin razılaşması" təşəbbüsünə 14 yeni şəhər qoşulub.

2019-cu ilin aprel ayına olan məlumata əsasən, 269 Ukrayna şəhəri Aİ-nin bu təşəbbüsünə qoşulub və karbon emissiyalarının azaldılmasına, enerji səmərəliliyinin artırılmasına və sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına sadiq olduğunu nümayiş etdirmişdir. Bütövlükdə regionda bu təşəbbüsə qoşulan 410-dan artıq üzv var və bu rəqəm gündən-günə artmaqda davam edir! 

Bərpa olunan enerji mənbələri və enerjinin səmərəliliyi ilə bağlı Aİ-nin mühüm konfransı

18-20 iyun tarixlərində Brüsseldə keçiriləcək "EUSEW Siyasət Konfransı" Avropada bərpa olunan enerji və enerjinin səmərəli istifadəsinə həsr olunmuş ən böyük konfransdır. Avropa Komissiyası və enerji ilə əlaqədar maraqlı tərəflər tərəfindən təşkil edilən sessiyalar dayanıqlı enerji məsələlərinə yönəlib və bu sahəyə dair siyasətdə yenilikləri, qabaqcıl təcrübələri və dayanıqlı enerji ilə bağlı ideyaları müzakirə etmək məqsədi daşıyır.

Keçən ilin iştirakçı sayına nəzər salsaq, EUSEW tədbirlərinin nə qədər maraq kəsb etdiyini görmüş olarıq: 2500-dən çox iştirakçı və 7000-dən çox canlı yayım izləyicisi, 64 sessiya, 50-dən çox əlaqələrin qurulmasına dair fəaliyyət, Şərq Tərəfdaşlığı ölkələrində və sosial mediada üç gün davam edən tendensiya.

Bəs siz bu təşəbbüsün bir hissəsi olmaq istərdiniz?

Sizə yaxın şəhərdə Enerji günlərinin keçirildiyini öyrənmək üçün EUSEW internet səhifəsinə baş çəkin.